Poem · Azərbaycan
Biri at xəstəsidi,biri it xəstəsidi,
Biri at xəstəsidi,biri it xəstəsidi,Kimə nə deyəcəksən,hər şeyin bir bazı var.Heç kimi eyni notun üstünə yığmaq olmaz,Hərənin öz havası, hərənin öz sazı var.
Biz hamımız örnəyi bu gün pisdən alırıq,Hər alçaqdan alırıq, hər iblisdən alırıq,Və qanı qiymətinə 'ingilis'dən alırıq,Bu yurdun nə işığı, nə suyu nə qazı var.
Haqqa gedən yolların kəsilib hərəkəti,Yoxa çıxıb səmadan günəşin bərəkəti,Elə günə qoyublar gözəlim məmləkəti,Nə torağay nəğməsi,nə bülbül avazı var.
Sus, ağa qılığına bürünmüş mənfur nökər,Tanrı haram ömrünü bir gün burnundan tökər,Dəqiq hesab aparsam statistika çökər,Şərə quyruq bulayan gör nə qədər tazı var.
Kim nə halt yeyibdisə hərə haltından yazsın,Misdən həyat yaşayan nə cür altundan yazsın,Kim oxusa bu şerin girib altından yazsın,Görək öz həyatından neçə nəfər razı var.
Ömür başa varılmaz əyri yolu "yürü"ylə,Mən bu imtahanların sınandım hər türüylə,Şükür, hamı yaşamır sürü təfəkkürüylə,Mənim kimi düşünən beş-üç nəfər azı, var.
Nə qədər gözümüzdən bihudə yaş düşəcək,Bu dövran belə getməz, göz üstən qaş düşəcək,Çilə çəkdirənlərin başına daş düşəcək,Qara günlərin hökmən sonunda bəyazı var.
Özün elədiyini sənə heç kəs eləmir,Bəla gəlirəm deyib,gələndə səs eləmir,Oxuyub qurtarmağa bir ömür bəs eləmir,Əl boyda alnımızda min romanlıq yazı var.
Görək harda qırılır,gedəcəm hara kimi,Günümü qabqarmışam, kətilə, dara kimi,Açmışam öz sinəmi xalqıma dərya kimi,Sözdən yoxsulluq çəkməz neçə ki, Ayazı var.
Published online
Source: https://ayazarabaci.com/writing/biri-at-xestesidi-biri-it-xestesidi/