Poem · Azərbaycan
Bir saatlıq görüş ver,
Bir saatlıq görüş ver, Beş saat qabaq gəlim. Həyəcandan,təlaşdan Əssin ayağım-əlim. Başqa bir şəkil alsın, Ayrılığın notları. Yandırsın yeri-göyü, Ürəyimin odları. Elə bir anda gəl ki, Bir yoxdan bir var olsun. Yalvarışlar,inadlar, Öpüşlər təkrar olsun. Çox demirəm-bir saat, Bircə saat boşal,qaç. Həmişə olduğutək, Evdən-işdən baş al, qaç. Vaxtdan başqa nəyim var- Arxayın gəl,aram gəl. Amma insafın olsun, Qan verməmiş yaram,gəl. Qoy bu paslı telefon, Bir kərə cana gəlsin. Gəl, köhnə xatirələr, Bir ətə-qana gəlsin. Gəl bir az su çiləyək, Bu yanan ürəklərə. Qara kətan saçını, Sovurum küləklərə. Səni o dadlı-sərxoş, Nəzərlə gözləyəcəm. Gözlərim dopdoludur- Xəzərlə gözləyəcəm. Yenə həmin o yerdə- Sizə lap yaxındayam.. Elə hesab elə ki, Ölüm ayağındayam.
Published online
Source: https://ayazarabaci.com/writing/bir-saatliq-gorus-ver/