All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Bir qalaq toz basmış

Ayaz Arabaçı

Bir qalaq toz basmış köhnə qəzet saxlayıb atam. Beş rəf də bit basmış kitab. O otağa girəndə kiflənmiş sözlərin qoxusuna gətirmək olmur tab.. Bir vaxt məni göylərin yeddi qatına qaldırardı bu kitabxana. Məhəbbət romanlarını oxuyub çalxanardım qana. Bəzən Tom Soyer kimi evdən baş götürüb İlim-ilim itərdim. Gecənin günortası ən gözəl qızın pəncərəsinin altında bitərdim. Cibimdə bir qırıq güzgü,bir kirli daraq.. Əynimə iki razmer böyük köynək,hansı ki, küləkdə yellənərdi varaq-varaq. Atamın əmisi gələrdi bizə, oturardı saatlarla həyətdəki yekə daşın üstündə. Götürüb o qəzetlərdən uzadardı mənə.. Oxu deyərdi görək nə yazıblar. Oxutmamış əl çəkməzdi başdan-ayağa Mərkəzi Komitənin plenumunu. Sonra niyəsə hirslənərdi,.. Deyərdi Allah kəssin bunların hamısının tumunu. Bir dəfə Leonid İliçin şəkli olan "Kommunist"qəzetini daşın üstündən qapıb yedi badamgözlü eşşəyimiz.. Atamın əmisi dedi ki. Bilsələr eşşəyi tutacaqlar.. Yadımdadı bu sözdən sonra küçüyümüz dilini çıxardıb yazıq-yazıq ləhlədi.. Sonra zarafat eləyirəm dedi eşşəyi tutmazlar.. Dövlət əmlakını yeməyib ki, eşşək fəhlədi.. Bir qalaq toz basmış qəzet saxlayıb atam..

Published online