Poem · Azərbaycan
Bir də o dəstəyə əlim uzanmaz,
Bir də o dəstəyə əlim uzanmaz, Bir də o qapını açmaram daha. Elə yemişəm ki, boğazımadək, Kədərdən, ələmdən, acmaram daha.
Demə ki, bu külək hayandan əsdi, Ömrü ayrılığın bircə nəfəsdi, Bu da bir işiydi, həvəsdi-bəsdi, Durub hər zənginə qaçmaram daha.
Heç nəyə rəng qatıb vurmadım boyaq, Yaşadım bu eşqi yuxulu-oyaq, Gəl bu səadətin adını qoyaq, Puç arzu, puç istək, puç məram, daha.
Həsrətə köklədim saatlarımı, Dağıtdım başımdan fanatlarımı, Elə qırıbsan ki, qanadlarımı, Mən sənin yelinə uçmaram daha.
Gözlərim dumandan, buluddan doyub, Göz yaşım içimi sel kimi oyub, Şəklini yastığın altına qoyub, Hər gecə xəlvətcə qucmaram daha.
Published online
Source: https://ayazarabaci.com/writing/bir-de-o-desteye-elim-uzanmaz/