Poem · Azərbaycan
Bir addım qabağa yerimək olmur,
Bir addım qabağa yerimək olmur, Kim əkib bu qədər quyunu yerə. Açımmı ağzımın gül tərəfini, Tökümmü üzümün suyunu yerə.
Yatıb dəyirmanı,susub çax-çaxı, Bir əldən pozulub düzəlmir şaxı, Bəsdi də bu qədər vurmayın axı, Bu xalqın kökünü-soyunu yerə.
Ləng gedir,nədisə işlərimiz ləng, Çatmır evdən işə-işdən evə zəng, Hayana baxırsan beş-on pəzəvəng, Yıxıbdı bir dənə qoyunu yerə..
Siz ey şəhərçilər,siz ey kəndçilər, Görkəmi qəssablar,başı ətçilər, Yüz üzlü-min üzlü siyasətçilər, Qoyun də, birgünlük oyunu yerə.
Bir əldə bol vardım,bir əldə qıtdım, Bir arzu tutmuşdum Kürə axıtdım, Sonra əllərimdən salıb dağıtdım, Bütün xəyalların toyunu, yerə.
Bükülməz-qatlanmaz diz olammırıq, Azıb kor dumana,iz olammırıq, Biz nəsə çoxdannan biz olammırıq, Soxum hamımızın boyunu yerə.
Published online
Source: https://ayazarabaci.com/writing/bir-addim-qabaga-yerimek-olmur/