All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Bekara söhbətdi öz oxu,filan,

Ayaz Arabaçı

Bekara söhbətdi öz oxu,filan, Fırladan ayrıdı,Yeri,oturub. Onunçün ruzimiz göyə çəkilib- Onunçün sinəmiz geri oturub..

Bir uzun,bir ucuz havadı,tutub.. Hər kəsi qıcqırmış savadı tutub. Bir yeri kiminsə arvadı tutub, Bir yerdə kiminsə əri oturub.

Hayanda soyudum nifrəti,gedib, Həsrəti,nisgili,xiffəti,gedib, Çoxunun adamlıq sifəti gedib, Üzündə quruca dəri oturub..

Güc indi müqəddəs qələmə düşüb, Hamı makarona,kələmə düşüb, Müseyib faizə,sələmə düşüb, Qulu batıb gedib,Miri oturub..

Sağı sağ olmasın solların daha, Qan damır gözündən yolların daha, Dərdə külüng çalan qolların daha, Bəbiri qocalıb,şiri oturub..

Küsüb inciməsin,dostlarımız da.. Özümüz deyilik tostlarımızda.. Bəzən ən dəyərli postlarımızda, Baxırsan əbləhin biri oturub..

Dərdi ha çözələ,yumaqla,getmir, Ağrı narşərabla,sumaqla getmir, Gündə əlli dəfə yumaqla getmir, Canıma illərin kiri oturub..

Oxşayıb bənzətsəm gül ləçəyinə, İnanma könlünün güləcəyinə, Bu yurdun-bu elin gələcəyinə, Oturan əvvəldən iri oturub..

Doğmalar yarandı yad ağlığında... Çox adlar qaraldı ad ağlığında.. Ayaz mənəviyyat bataqlığında, Hələ ki,vicdanı diri oturub..

Published online