All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Baxmaz o heç, mən necə bir Buddayam,

Ayaz Arabaçı

Baxmaz o heç, mən necə bir Buddayam, Nalə çəkir hər gün içim, uddayam. Heç cürə kəsmir canımın əsməsi, Sanki bütün ömrümü tabutdayam. Mən bu Yalıncıq gədədən qorxuram.

Keçmədədir ömrü məzəynən dolu, Görmüşəm həp, ağzını zəynən dolu. Mən kimə öz dərdimi izhar edim, Ətrafı da özü kimi səynən dolu, Mən bu Yalıncıq gədədən qorxuram.

Dün mənə atmış mesajın kor Xudu, Hər tərəfim vahimədi, qorxudu, Verdi dala cümlə Oğuz bəyləri, Pulla satın aldı dədəm Qorqudu. Mən bu Yalıncıq gədədən qorxuram.

Məcburam hər gün nahara cad yeyim, Zülmün əlindən oturum dad yeyim, Az qalıram qos-qoca kənddən köçüm, Yox dəxi bir şir ürəyi zad, yeyim. Mən bu Yalıncıq gədədən qorxuram.

Sağ gedirəm qarşıma soldan çıxır, Hansı deşik, hansısa koldan çıxır, Təsvirə gəlməz qədər heybətlidir, At belə, eşşək belə yoldan çıxır. Mən bu Yalıncıq gədədən qorxuram.

Neyləyəcəm, kovxaya asdır desə, İş verib on il, ya da, basdır desə, Gərçi tamam təyini mütləq odur, Toydur o toy, yasdır, o yasdır desə, Mən bu Yalıncıq gədədən qorxuram.

Oldu içim çox belə köyrək, filan, Yandı ürək, qalmadı böyrək, filan, Öldü Buğac, öldü Qazanxan baba, Öldü ta, ruhumdakı Beyrək, filan, Mən bu Yalıncıq gədədən qorxuram..

Published online