All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Batıb getdi mən istəyən günəşlər,

Ayaz Arabaçı

Batıb getdi mən istəyən günəşlər, Sən də mənim taleyimə qürub gir.. Bir üç ay da gözləməyə tabım var, Çalış elə çox uzatma bu rüb, gir..

Bu eşq bir az bəhsəbəhsə alındı, Güllü dona, ballı səsə alındı, Qumardı də, bəlkə nəsə alındı, Nələrinsə xəyalını qurub gir..

Həyat şirin xəyalların ziddididi, Söhbətimiz pişiklidi, itdidi, Şair tamam bu mövzuda ciddidi, Bax, neçə ki, öz sözündə durub, gir..

Yağış, dəniz, günəş, səma-kliplər, Ağlamalar, küsüşmələr, triplər, Külək dolar, soyuq çəkər qriplər, Bu ürəkdi, çıxıb girmə, girib, gir.

Arabamı hansı yola döndərim, Nəfəsimi uzun dərim, gen dərim, Bəlkə sənə bir ev şəkli göndərim, Qapısını təpiyinlə qırıb gir..

Published online