All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Balaca bir qönçənin yanağına toxundum,

Ayaz Arabaçı

Balaca bir qönçənin yanağına toxundum, Töküldü göz yaşların firuzəyi zər kimi. Ara-sıra saymasaq, mən onsuz da yoxundum, Biləndə, sən də getdin bütün gedənlər kimi..

Birnəfəsə yazdığım odlu şeirlərimdən, Gözəl rəngləri atdım bircə qara saxladım. Dəcəl bir şagirdsayaq danışmadım yerimdən, Mən həmişə sözümü sonralara saxladım.

Arada özümlə də qəmli baş-başasım var, Balaca silkələndim, başqa bir yerə yozma. Qoy necə bacarırlar o cür də yaşasınlar, Sən o xatirələrin həyat ritmini pozma..

İndi bütün hisslərim "salam-sağol" nan bitir, Yox daha yapa bilməm o qüdrətdə yarçılıq. Gözlərin aydın olsun,yaddaşım tamam itir, Bir ömür qatarında evli bir bekarçılıq..

Heyif barmaqlarından, çürük çıxdı o saplar, Sağalmayan bir çapıq, məhəbbətin xışından.. Yavaş-yavaş qapanır bu dünyayla hesablar, Dünən bir məktub aldım, 55-in qışından..

Nə təsəlli yeridi, nə günah , nə də ki, əfv, Hansı divardan asım, bu mənasız posteri.?. Nə zaman bir yol alsam sizin küçəyə tərəf, Külək yaxamdan tutub başqa səmti göstərir..

Published online