All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Anasına yazdı ki, müharibə qurtarır,

Ayaz Arabaçı

Anasına yazdı ki, müharibə qurtarır, Fikir-zad eləməsin gələr beş-altı günə. Atlanacaq birinə maşına, ya qatara, Bəzənib getsin daha o da toya-düyünə.

Anasına yazdı ki, gözaltı da eləsin, Öz ürəyi istəyən gözəllərdən birini. Anasına yazdı ki, özü istəmir desin, Baxsın görsün kimdi də qızların ən şirini..

Anasına yazdı ki, yaraları sağalıb, Qayıdıbdı cəbhəyə Tərtər qospitalından. Qarabağda uzağı bir ovuc yağı qalıb, Onun da bu gün sabah, dəyəcəyik dalından..

Ölüm-itim azalıb burda dünəndən bəri, Qoy o da qurulasın gözlərindəki sisi. Düşür öz qaydasına əkin-biçin yerləri, Raketlərin, tankların yatıb tüstüsü-hisi.

Toplanıb başlarında bərəkətli buludlar, Rəngi-ruhu qayıdıb yerinə çöl-çəmənin. Dəli küləklər kimi cövlan eləyir atlar, Ulduzlar şölələnir mundirində vətənin.

Döyüş təlimlərində nəfəsləri təngimir, Havalar da düzəlib, ara verib yağış-qar. Adamların cəbhəyə yardımları səngimir, Bu qədər ərzaq hələ gələn qışa da çatar.

Üfüqlərdə qalayıb Tanrı gözəl bir ocaq, Açılıbdı nəfəsi çöllərin-yamacların. Anasına yazdı ki, yaxşı maaş alacaq, Doyuzdursun qarnını yetimlərin, acların.

Əsgər yoldaşlarından Bilal yaxşı ustadır, Gəlib başlayacaqlar evlərini təmirə. Bizim hər birimizin axı gözü üstədir, Hökumət əsirgəməz yardım, daşa-dəmirə.

O qədər inam ilə, o qədər ümid ilə, Anasına yazdı ki, dərd etməsin heç nəyi, Yazdı ki, gətirməsin, qayğılarını dilə Tələsməsin satmağa yelinləmiş inəyi.

Gecədən uğulduyan mərmi bağrını sökdü, Ağlı kəsdirəmmədi, qəfil birdən nəydi bu.. Balaca səntirləyib dizləri üstə çökdü.. Külək alıb apardı əlindəki məktubu.

Published online