Poem · Azərbaycan
Ah elə bilir ki, uzun sürəcək,
Ah elə bilir ki, uzun sürəcək, Zar elə bilir ki, həmişəlikdir. Gülün qucağına verib özünü, Xar elə bilir ki, həmişəlikdir.
Alqışlar durnatək düzülsə səfə, Ən uzaq mənzildən çatar hədəfə, Çıxsa od vuracaq gün, bircə dəfə, Qar elə bilir ki, həmişəlikdir.
Çox keçdim dişindən mən bu meydanın, Bülbüli-rənanın,güli-şeydanın, Qumar masasıdı dünya şeytanın, Var elə bilir ki, həmişəlikdir.
Sevgimiz Süleyman mülkünə çatmır, Yüz günə ulaşmır, min günə çatmır, Əlimiz hələ ki,gen günə çatmır, Dar elə bilir ki, həmişəlikdir.
Bizi bircə-bircə güdaza verir, lahi hərəyə bir cəza verir, Quran dörd arvada icazə verir, Yar elə bilir ki, həmişəlikdir.
Mümkünmü dünyayla sonacan qurşaq, Deyən də yoxdu ki, bəsdi,ay uşaq, Taxta kim çıxırsa kral, padişah, Çar elə bilir ki həmişəlikdir.
Yazdım ki bu şeri, salım yadına, Bəlkə bir əl ata elə yardıma, Vurur dərdimizi qulaqardına, Kar elə bilir ki, həmişəlikdir.
Published online
Source: https://ayazarabaci.com/writing/ah-ele-bilir-ki-uzun-surecek/