Poem · Azərbaycan
Ağlımı aparıb gedəndə xəyal,
Ağlımı aparıb gedəndə xəyal, Əhvalım bir müddət qarmaşıq qalır. Çəpər setkasında Məcnuna dönmüş, Bir ovuc qurumuş sarmaşıq qalır.
Desəm də inanmaz o mina gərdən, Çox qaçdım olmadı, şeytandan-şərdən, Elə şey düşür ki, yadıma hərdən, Qanım damarımda bir qaşıq qalır.
Qoymaz ürəyimi vergülə, yollar.. Yuyunub-daranıb nargilə yollar Elə gözəl gedir yargilə yollar, Elə o yar qalır-yaraşıq qalır..
Damarı qırılmır, heç bu gecənin, Qurduna ovammı yoxsa bu çənin, Ruhani çalırlar.. bizim küçənin, Yuxarı başında bir aşıq qalır.
Ağatlı vaxtımız vardı bizim də.. İndi ot göyərib yatmış izimdə, Bir gözəl sevmişdim onsəkkizimdə, İçimdə hələ də o işıq qalır.
Published online
Source: https://ayazarabaci.com/writing/aglimi-aparib-gedende-xeyal/