All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Adımı qulağına pıçıldamaz küləklər..

Ayaz Arabaçı

Adımı qulağına pıçıldamaz küləklər.. Səsim baxışlarında çiçək-filan bitirməz. Bizi bir də qaldırıb göy üzünə fələklər Adamların gözündən itirdikcə- itirməz.

Barmağını dişləməz dadlı kompilimentlər, Qanadlı ehtiraslar könül taxtına çıxmaz. Xəyalında yellənər allı-yaşıllı lentlər, Bu sevgi ömrün boyu bir də baxtına çıxmaz..

Baş-başa mürgülədik,biz eyni bir yuxunu, Heç bilmirəm çin çıxan kimin yuxusu oldu.. Ətir dükanlarından tapammadım qoxunu, O qədər ağladım ki,əynim-başım su oldu.

Çox vaxt evdən çıxanda pulqabım evdə qalır, Yetərincə düşübdü yaddaşım da güvəndən.. Şoferlər təhqir edir,dalımca hay-küy salır, Sən necə yaşayırsan ayrılalı nüvəndən?..

Dünən bir məktub aldım ucaboylu sarışın, İçində bulaq kimi sətirlər çağlayırdı. Gözündə buz salxımı əriyirdi sərt qışın, Bir qız köhnə əzilmiş şəkildən ağlayırdı.

Məndən güclü bilib də xatirəmə qısılma, Dərdimin topuqları boyumdan uca çıxdı.. Məni heç yuxuda da xatırlayıb pis olma, Mənim arzularımın hamısı puça çıxdı.

Kimsə qolumdan tutub keçirdi küçənizdən, Göylərə tüstüm çıxır könül yaxdığın evdən. Küsmüşəm bu şəhərdən,küsmüşəm bu dənizdən, Başqaları boylanır sənin baxdığın evdən.

Published online