All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Adi bir söz kimi demirəm bunu,

Ayaz Arabaçı

Adi bir söz kimi demirəm bunu, Ömrümə, günümə, yaşıma sən çıx. Qurmuşam taxtını gözümün üstə, Buyur, canım-gözüm, qaşıma sən çıx.

Yox, məni cəlb etmir özgə tilovlar, Könlüm öz eşqini səndə cilovlar, Ruhumu doydurmur xəyalplovlar, Səni istəyirəm aşıma, sən çıx.

Əyləşib sinəmdə qəm düyün-düyün, Gül kimi cilvələn, qum kimi üyün, Xoşdu hər məqamda ərköyünlüyün, İncisəm namərdəm başıma sən çıx..

Nə əlli, nə səksən, ömür lap andı.. Bir də görəcəksən çevrə qapandı, Haraya tullasa tale sapandı, Hayana atılsa daşıma sən çıx..

Sənsən könlümdəki gizli dəfinə, Qoşul səmaların durna səfinə, Səpil bu dünyanın hər tərəfinə, Hər yerdə hər zaman qarşıma sən çıx...

Published online