All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Adam hərdən istəyir qulun kimi çığırsın-

Ayaz Arabaçı

Adam hərdən istəyir qulun kimi çığırsın- Bu qədər olmaz axı, bəs deyilmi, a, yağı.. Ürəkaçan nə varsa başına daş salıblar, Hər şeyin zayı çıxıb, hər nə varsa bayağı.

Kimin gözünə soxaq bu qançır-qançır dizi, Köhlən meydanlarında bez cırır eşşək izi.. Gör neçə illərdi ki, yedin-bitirdin bizi, Daha nə istəyirsən, ay, mərsiyə, ay, ağı.

Özü öz işığını öz əliylə kəsəndi, Nə fərqi var Əlidi, Hüseyndi, Həsəndi, Kişi elə bayraqtək hər küləyə əsəndi, Qadındı məhəbbətin əyilməyən dayağı.

İçmirsən gic olursan..ağrıyırsan içəndə, Heç bir şey hasil olmur yüz ölçüb bir biçəndə.. Azıb yem olmaq da var qurda-quşa bu çəndə, Tanrım əsirgəməsin yolumuzdan mayağı.

Geyinib qan-qırmızı bir qızıl taxtda gəlsin, Qulluğunda hazıram gəlsin hər vaxtda gəlsin, Gedib axşam da gəlsin, gedib sabah da gəlsin, Kəsilməsin heç zaman bizdən eşqin ayağı.

Hərdən bir milçək qonur qurutduğum lüləyə, Nə tərlan vecimədi, nə baxıram tüləyə, Rahatlıq tapmır içim, qoşulmuşam küləyə, Gəzirəm küçələrdə tam da dəlisayağı..

Published online