All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Açmışam könlümün söz süfrəsini,

Ayaz Arabaçı

Açmışam könlümün söz süfrəsini, Tökülür hər yandan ruzi başıma. Bu gün həsrətinin ziyafətidi, Yığmışam dünyanı-düzü,başıma.

Bir ayrı,bir özgə hekayətdəyəm, Haqqa yüz kitablıq şikayətdəyəm, Özüm də bilmirəm nə qiymətdəyəm, Pul qoyan olmayıb düzü,başıma.

Söz nədi,nə bilir ruhu keçəllər, Bilsələr məni də sayıb-seçəllər, Girəvə tapsalar qanım içəllər, Yalandan and içir yüzü,başıma.

Kimin çirkabını-kirini sayım, Nə vaxt yaşadım ki,şirini,sayım, Mən sənə hansını-birini sayım, Nələr gəlmədi ki,quzu,başıma.

Ürəksiz nə yazım,sözdən ayıbdı, Adımın hər yerdə önü "qayıb"dı, Saçlarım kefindən ağarmayıbdı, Çıxıb göz yaşımın duzu başıma.

Published online