Şeir · Azərbaycan
Yoxundan nə qədər yıxılar adam,
Yoxundan nə qədər yıxılar adam, Heçindən nə qədər yıxılar adam. Ayağı dolaşıb qanadlarına, İçindən nə qədər yıxılar adam..
Nə qədər oturub siqar piləyər, Nə qədər Allahdan kömək diləyər, Nə qədər özünü boyayar qana, Nə qədər gözündən yağış çiləyər..
İlahi sən özün keç günahımdan, Yollar ayağımı şişə taxırlar. Adamlar kef çəkib mənim ahımdan, Heç nə eşitmirmiş kimi baxırlar.
Beşcə barmağı var uzağı vur-tut, Bir əldən nə qədər çıxılmaq olar.. Bu ömür ipindən aç burax məni, Bu ipdə nə qədər sıxılmaq olar.
Birtəhər dözürdüm dilini tapıb, Bu köhnə dərdlərin kamanı deyil. Özünü quş kimi divara çırpıb, Hönkürüb ağlamaq zamanı deyil..
Gözəldi bu ağac,bu ip,bu kətil.. Bu ömrün üstündə əl işim olsun. Elə doymuşam ki,bir dəfəsindən, Bu mənim sonuncu gəlişim olsun.
Dolub belimdəki günah zənbilim, Yığıb ətəyini gedək deyirsən. Açma qollarını taybatay mənə, Sən daha döydüyüm qapı deyilsən.
Yoxundan nə qədər yıxılar adam, Heçindən nə qədər yıxılar adam.. Ayağı dolaşıb qanadlarına, İçindən nə qədər yıxılar adam?...
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/yoxundan-ne-qeder-yixilar-adam/