Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Yəqin ki,düzələr, bu qədər olmaz..

Ayaz Arabaçı

Yəqin ki,düzələr, bu qədər olmaz.. İnsafa gələrlər..xəyal qururam. Nə bilim inamdı, ya nədi, bir az, Axmaq arzularla yatıb-dururam.

Köhnə qaydalardı köhnə çarşıda, Həmin xərac durur, həmin bac durur. Heç nə dəyişməyib, yenə qarşıda, Bir sürü amansız ehtiyac durur.

Sapıb haqq yolundan, iman yolundan, Bütün oyunbazlar pulda birləşir. Saxlaya bilmirəm tutub qolundan, Həyat gündən-günə eybəcərləşir.

Güzarım arada düşür ölümdən, Geriyə dönməyə uzun vaxt keçir. Günün-günortası bəzən könlümdən, Qəfil canavartək ulamaq keçir.

Bir sağlam yer yoxdu ayaq basmağa, Mənim bu işlərdə varmı bir xətam.. Daha nağıllara qulaq asmağa, Zorlaya bilmirəm səbrimi atam..

Hardan ayaq tutdu bu qorxu məndə, Mən axı illərlə məğrur olmuşam. Bir tikə çörəyə,bir tikə qəndə, Gör necə, müticə məğlub olmuşam..

Dönsün o çörəyi zəhərə dönsün, Min dənə töhmətdən qınaqdan çıxır.. Və bir də fələyin çırağı sönsün, Adamın şərəfi sınaqdan çıxır..

Saytda dərc olunub