Şeir · Azərbaycan
Yağış yağır..
Yağış yağır.. Allahın ətəyidir bu yağış, Tutmuşam Allahın ətəyindən. Yağış yağır, elə tökülür ki damcılar, Elə bil arılar dağılıb buludların pətəyindən. Qoşuluram sulara, Şırıltıyla axıb gedirəm.. Dünya bir pəncərədir demişlər.. baxıb gedirəm. Yağış yağır.. Yadıma köhnə bir əhvalat düşür. Şimşəklərdən ovcuma yel qanadlı at düşür.. Süvar oluram ata. At qan-tərə bata-bata.. Bağırır dalımca Dağlar arxasından Şahlar. Balaca gölməçələrdən hücum çəkir atıma timsahlar.. Qamçılayıram timsahları, Çapıram qüruba sarı. Atım hərdən, başını döndərib üzümə gülümsəyir. Qəflətən boynumun dalından bir şapalaq dəyir. Karsanmı, eşitmirsənmi, atan çağırmırmı səhərdən? Bibimoğludu, özünü qızlara göstərir təzə gəlib şəhərdən.. Yağış yağır...
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/yagis-yagir/