Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Üzə çıxıb sümükləri ah,arın..

Ayaz Arabaçı

Üzə çıxıb sümükləri ah,arın..Ətri yoxdu çiçəklərdə baharın..Oturmuşuq əlimizi sallayıb,Toy qurubdu yasımıza bir harın,Bu toya bir dava salmaq vaxtıdı..

Bildirçinlər baş zəmidə bəyləşib,Ağsaqqallar yeyib-içib səyləşib..Gətir görüm o qırmızı parçanı,Toy yiyəsi buğa kimi əyləşib,Bu toya bir dava salmaq vaxtıdı..

Qız evinin şamı gəlib çıxmayıb,Meyi gəlib,camı gəlib çıxmayıb.Yeznələri,yengələri burdadı,Nə olsun ki,hamı gəlib çıxmayıb,Bu toya bir dava salmaq vaxtıdı..

Gör nə qədər murdar ət var menyuda,Neçə rayon,neçə kənd var menyuda,Aşıq,dur bir"Yanıq Kərəm" sızıldat,Çeşid-çeşid xəyanət var menyuda..Bu toya bir dava salmaq vaxtıdı..

Bəsdi quyruq bulamağı kəs görüm,Xiyarlığı sulamağı kəs görüm.Birdən-birə canım yaman sıxıldı,Kişi sən də ulamağı kəs görüm,Bu toya bir dava salmaq vaxtıdı..

Nəmər yolla ay Gülsənəm,ay Tutu,Dolmaq bilmir qara qutu-ağ qutu...Bir şıdırğı qumar gedir ortada,Nə yazıldın,iki şəhid tabutu..Bu toya bir dava salmaq vaxtıdı..

Saytda dərc olunub