Şeir · Azərbaycan
Üzüb gedən gəmilərin dalınca,
Üzüb gedən gəmilərin dalınca, Sürünürdü ağ dumanı dənizin. Dəniz kimi qabarmışdı ürəyin, Duman kimi ağarmışdı bənizin. Tökülürdü gözlərinin yuxusu, Dodağında mürgüləyən səsindən. Sanki səni, çıxıb gedən o duman, Durna kimi ayırmışdı dəsindən. Dağılmışdı qızıl qanı qürubun, Mavi rəngli köynəyinə səmanın. Saçlarından üç tel düşüb üzünə, Simi kimi titrəyirdi kamanın. Yarıçılpaq qayaların dalında, Qaralırdı vahiməli təpələr. Kəsib titrək nəğməsini astaca, Yuvasına çəkilmişdi ləpələr. Səni görüb nəşələndi ürəyim, Sahil boyu oxuduqca oxudu.. Bir qağayı gəlib qondu çiynimə, Dedim yəqin gördüklərim yuxudu. Baxışında çiçəkləyən güllərin, Al şəfəqi qaranlığı kəsirdi. Dedim gedək yelkən açaq küləyə. Ayaqlarım sevincindən əsirdi.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/uzub-geden-gemilerin-dalinca/