Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Uçub bir gün yolum üstə saldığın,

Ayaz Arabaçı

Uçub bir gün yolum üstə saldığın, Lələk məni ayağına gətirdi.. Mən gəlmirdim,eşq adında bir şirin- Kələk məni ayağına gətirdi.

Demirəm ki,könlüm yetim deyildi, Yaşayırdım,ölüm-itim deyildi.. Bu tək mənim cəsarətim deyildi, Fələk məni ayağına gətirdi.

Can vermirdim,qol qoymurdum hər sözə, Dayanmışdım min-min dərdnən göz-gözə, Başım göynən gedən vaxtı bir gözəl- Mələk məni ayağına gətirdi.

Lələ döndü barmağımı basdığım, Pərqulandı daş yuxulu yastığım, Buludların sinəsinə yazdığım, Dilək məni ayağına gətirdi..

İllər məni sazaq kimi kəsirdi, Mən bilmərəm,sən bilərsən nə sirdi, Bütün günü sizə tərəf əsirdi, Külək məni ayağına gətirdi..

Səndən cavab gəlməyincə,ta ki,mən, Elə bilmə ürəyimə hakiməm, Nə sözün var ürəyə de,mən kiməm, Ürək məni ayağına gətirdi..

Saytda dərc olunub