Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Təzə-təzə çiçəyimiz çırtlayırdı açmağa,

Ayaz Arabaçı

Təzə-təzə çiçəyimiz çırtlayırdı açmağa,Gəldi əsdi ömrümüzə bir qara yel-bad, filan..Zibil qoydu ətli-yağlı şorbamızın içinə,Qalmadı ki, ağzımızda ləzzət filan, dad filan..

Şeytan özü baxıb gördü hərəmiz bir bəlayıq,İşlər hamsı əyri, pozuq, sözlər hamsı nəlayiq,Bir-birini puldan ötrü minib çapdı xəlayiq,Bilinmədi kimdi burda qohum filan, yad filan..

İşıqdan da iti getdi oğraşlığın maşını,Qürbət elə tolazladı, neçəmizin daşını,Burax getsin, oğlum daha, bu mövzunun başını,Çətin, olsun məlul könül, indən belə şad, filan.

İncitdilər, küsdürdülər, ağlatdılar çox qəşəng,Babam dedi bu fanidə heç bir şeyə etmə şəkk,Görəndə ki, ad-san alır bu ölkədə hər eşşək,Xırda-xırda gözdən düşdü şöhrət filan, ad filan.

Qəzəbini ara yerdə sağa-sola çalma, gəl,Mənə də çox inam yoxdu, armud desəm, alma gəl,Yalan sözdü fikir verib, başına ip salma, gəl,Dədə, qullar dünyasının intiqamı zad, filan..

Saytda dərc olunub