Şeir · Azərbaycan
Telefonda hər gecə anadiləm, bilirsən,
Telefonda hər gecə anadiləm, bilirsən, Ürəyimi yolunda qanadıram, bilirsən, Dişimlə-dırnağımla can atıram, bilirsən, Sənə olan bu istək, sənə olan bu meyil, Qurban olmaq üçündür, Başqa birşeyçün deyil.
Nə qədər ki, gücün var, boğ, boğulum dayazda, Barmaqlarım qırovda, dodaqlarım ayazda.. Sağ əlinin üstünə bir qanadlı "A" yaz, da!! Mənim sənin könlünə son istəyim, onu bil, Mehman olmaq üçündür, Başqa bir şeyçün deyil.
Qızıl günəşdən endin, bu şeri yazım deyə, Başqa sual gərəkməz daha nə lazım deyə, Mən by sevda yolunda bir qurdtək azım deyə, Həsrətin fidanları böyüyüb fəsil-fəsil, Orman olmaq üçündür, Başqa birşeyçün deyil.
Həkim çarə tapmadı ürəyimin qanına, Barmaq boyda lələk sal, taxım gəlim yanına, Fikrim-zikrim eləcə ömrünün karvanına, Ətəyindən sallaşıb, uşaq kimi töküb dil, Sarvan olmaq üçündür, Başqa birşeyçün deyil.
Öz ağzında dəfn elə, yaman deyən dilləri, Yuxuda keçirmişəm yaxşı ki, bu illəri, Gör necə yaşıllaşıb ömrümün sahilləri, Bəlkə də həsrətinlə bunca keçən milyon il, Dərman olmaq üçündür, Başqa bir şeyçün deyil..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/telefonda-her-gece-anadilem-bilirsen/