Şeir · Azərbaycan
Təkcə ayrılıqnan qurtarmır ki,iş,
Təkcə ayrılıqnan qurtarmır ki,iş, Hələ bundan sonra bir də əcəl var. Bu eşqin qatarı bir yana çıxmır, Elə bil üstündə bir ayrı əl var.
Qollarım qırılıb,qolunda getmir, Mələklər sağında-solunda getmir Bu işlər haçandı yolunda getmir, Hansı nadürüstdən bu eşqə pəl var..
Yetər aradakı bu qanlı pərdə.. Adam bir-birini asıb-kəsər,də! Sənə asan gələn məsələlərdə, Mənim bilmədiyim gör neçə həll var..
Yumşal bir dəfə də sərtlikdən çıxıb, Onsuz da barmağın tətikdən çıxıb.. Ürəyim bir parça ətlikdən çıxıb, Bu qoca mücrüdə sən kimi ləl var..
Çölümdə fəryadım,içimdə sızım, Fürsət ver yenidən bir ömür cızım, Özün almasan da boynuna quzum, Sənin hər "get"inin içində "gəl" var.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/tekce-ayriliqnan-qurtarmir-ki-is/