Şeir · Azərbaycan
Tanrı bizim adımızın önünə,
Tanrı bizim adımızın önünə, Azar qoyub, zəhər qoyub, çor qoyub. O zəhər də balı, yağı çıxardıb, Süfrəmizə barıt kimi şor qoyub.
Baxıb-baxıb qudurğana, azğına, Girməmişik qorxumuzdan az qına, Çıxammırıq, hər qapının ağzına, Qara qıllı bir hörümçək tor qoyub.
Ömrümüzü qana, yaşa çıxardıb, Qazıb, qazıb bəxti daşa çıxardıb, Ömür boyu şəri başa çıxardıb, Zaman bizim atamıza qor qoyub.
Axşam-axşam əsəblərim gərilib, Ayaqlarım qabağıma sərilib, Elə bil ki Nuşirəvan dirilib, Küçələrdə bayquşlardan xor qoyub.
Götürəndə Alp ağızlı qurddarıq, Amma, di gəl, boş-boşuna vırtdarıq. Dağım-dağım, pərən-pərən yurddarıq.. Qoyan bizə bu zərbəni zor qoyub..
Basdırıblar həqiqəti beləcə, Ümid filan yoxdu qəti beləcə, Min illərin cəhaləti beləcə, Bu milləti hər tərəfli kor qoyub.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/tanri-bizim-adimizin-onune/