Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Tanrı da köks ötürür baxıb gözəlliyinə,

Ayaz Arabaçı

Tanrı da köks ötürür baxıb gözəlliyinə, Bütün rənglər birləşib səndə ayaq saxlayır. Səni xatırlayanda dərman gərəkmir mənə, Ən dərin yaralarım bir anda qaysaqlayır.

Heç kimə qıymamışam bu yuxulu nəğməni, Bir bahar havasına umudlanan puçuram. Bu xaraba ömürdə sənsiz buraxma məni, Sənin xəyallarının qarasınca uçuram..

Bir qızıl ilan kimi sürünürəm hədəfə, Belinə dolanıram,nəfəsinə uyuram. Səsini eşidəndə telefonda hər dəfə, Qəlbimdə min ocağın istisini duyuram.

Bir saatlıq ömürdə illər boyu uzanıb, Bir-birinin təkrarı mənasız qəzalarım.. Sənin çəmənliyində məncə çoxdan qazanıb, İstirahət haqqını yorulmuş əzalarım..

Gəl uzadaq ömrünü qızılı şəfəqlərin, Günəş qaşqabağını Yer üzünə tökməsin. Nəfəs alıb sevinsin əllərim dərin-dərin, Qəfil qərib bir ağrı ürəyimə çökməsin.

Küləklərdən sıyrılıb,yağışlarda yuyun gəl, Sənin tərənnümündür qızıl donlu sətirlər. Səndən ötrü yaranıb dünyadakı ən gözəl, Çaylar,çöllər,çiçəklər,rənglər,süslər,ətirlər..

Saytda dərc olunub