Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Tale it günündə çıxdı qarşıma,

Ayaz Arabaçı

Tale it günündə çıxdı qarşıma, Gördüm ki,güzgüsü-darağı yoxdur. Yeməyə bir tikə quru çörəyi, Vurmağa yüz qram arağı yoxdur.

Ömürdü heç yerdən alıb-satıram, Bir gün qazanıram,beş gün batıram, İçində yalandan əl-qol atıram, Üzdüyüm dənizin qırağı yoxdur.

Fələk çox çalışdı bitirmək üçün, Silib,yerli-dibli itirmək üçün.. Məni arzulara yetirmək üçün, Heç kimin sehirli çırağı yoxdur.

Param qurdlarındı-param quşların.. Ucuz dən yeridi yaram quşların, Müjdə gözlədiyim qaranquşların, Nə vaxtdı bir səsi-sorağı yoxdur.

Yıxıldım yollarım qar olduğundan, Mən daha çox yoxam,var olduğumdan, Bütün ömrüm-günüm dar olduğundan, Mənim dar günümün yarağı yoxdur.

İçimdə nə qorxu,nə vəs-vəsə var, Yolum hər əzaba,dərdə kəsə var.. Nə bilim ölümdə bəlkə nəsə var, Həyatda heç nəyin marağı yoxdur...

Saytda dərc olunub