Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Şirin ağrılarla yuxuya getdim,

Ayaz Arabaçı

Şirin ağrılarla yuxuya getdim, Çıxdım içimdəki qatı hüzndən. Gördüm dayanmısan yolayrıcında, Yanaşıb astaca öpdüm üzündən.

İstədim deyim ki, nə yaxşı gəldin, Elə fikrimdəydi, zəng edəcəkdim... Sonra qucağına- yarıb havanı, Bir dəstə qızılgül buketi çəkdim.

Nə çox tikanı var bu al güllərin- Eyhamın o qədər gözəl idi ki.. İllərlə içimdə yaşatdım, şair, Ölməyə qoymadım bu ümidi ki..

Ayağım altında son nəfəs kimi, Astaca çırpınıb xırıldadı qar. Biz burda nə vaxtsa olmuşuq dedin, Bax orda, qarşıda bataqlıq da var.

Yəqin ki, olmuşuq, xatırlamıram, Bəlkə də fevralda, bəlkə də mayda. Qaranlıq niyəsə bənövşəyiydi, Yaşıla çalrdı səmada Ay da.

Sən onda gənc idin, hökmlü,sərxoş, Qəlbimi titrədən tufansayağı.. Amma necə gözəl, amma necə xoş, Bir az yonulmamış, kobud bayağı.

Bilmədim, bəlkə də qəzəbdən idi, Yanırdı gözlərin bayram şamıtək. Səsim qulağına güclə çatırdı, Səninçün yad idim mən də hamıtək.

Söz-söhbət, ömür-gün, səadət-işıq, Gördüm ki, nə varsa trafaretdi. Qəfil bu dünyaya özümqarışıq, Hörmətim tamamən azaldı getdi...

Saytda dərc olunub