Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Səngiməsin başımdakı havalar,

Ayaz Arabaçı

Səngiməsin başımdakı havalar, Çəkilməsin dumanım qoy,sisim qoy.. Elə yandır qara rəngə boyasın, Allı-güllü həyatımı hisim,qoy..

Bir fürsətdi kor fələkdən qapmışıq, Könlümüzcə yoğurmuşuq,yapmışıq, Nə tapmışıq ruh olmaqda tapmışıq. Külə dönüb yoxa çıxsın cisim qoy..

Çölüm-düzüm,dağım-dərəm çeynənib, Yayım-oxum,ovum,bərəm çeynənib. Leyli-Məcnun,Əsli-Kərəm çeynənib, Bu sevgiyə bizə layiq isim qoy..

Dayanmışam sağ qolunun solunda, Bir yer düzəlt yuva qurum qolunda, Məndən gözəl qurban yoxdu yolunda, Fürsət düşüb qurbanını kəsim qoy..

Acıları şəkər elə,bal elə, Ucaltdığım ucalıqda qal,elə, Ürəyimi kaman kimi çal,elə, Qırılmamış nə pərdə qoy,nə sim qoy..

Çəkib könlüm nə qüssələr,nə qəmlər, Hesabına işıq tutmaz rəqəmlər, Külək kimi hökmlüyəm bu dəmlər, Hara gəldi,necə gəldi əsim qoy..

Danışmayaq bu mövzunu savaşca, Könlün dönüb yuxalmazmı lavaşca.. Qulağına bir söz deyim yavaşca.. Yeri-göyü silkələsin səsim qoy..

Saytda dərc olunub