Şeir · Azərbaycan
Sənə çatana kimi min dəfə pərvanətək,
Sənə çatana kimi min dəfə pərvanətək, Çırpıbdı hey özünü ora-bura məktubum. Qurum bağlamış ömrün hisindən qanadlanıb, Onunçün olub belə, qara-qura, məktubum.
Orda bir rəsm də var alov dilimlərindən- Sənə ithaf olunmuş gözəl bir sevgi şeri. Əgər xoşun gəlməsə "adam" yerinə qoyma, Sevmədiyin qonaqtək qapından qaytar geri.
Düzdü, bəzən arada mətləbi uzatmışam, Səni çox da yormasın bir neçə uzun sətir. Çox şey istəmirəm ki, cəmi üç-dörd cümlə yaz, İmkan olsa ruhuma təzə bir nəfəs gətir.
Hara gedirsənsə get, dolaşır ayağına, Xəyalım pişik kimi ətəyindən sallaşır. O, ürəyin istəyən sözün baş hərfini de, Bəzən tək bircə sözlə möcüzə reallaşır.
Hisslərimi bir vərəq kağıza tökdüm, yetər. Eləcə coş dəniztək, ürəyimi uçundur. Yox sənə bu məktubu yola salan deyiləm, Bu sadəcə özümü ovundurmaq üçündür.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/sene-catana-kimi-min-defe-pervanetek/