Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Sənə çətin gəlir

Ayaz Arabaçı

Sənə çətin gəlir unutmaq məni, Gözünün ilk ovu, nübarı mənəm. Yalandan ağlama başqa ad çəkib, Hələ də könlünün qübarı mənəm..

Verərsən ən acı həsrəti həzmə, Çəkərəm təzədən ruhunu nəzmə, Günəşli günləri fəsildə gəzmə, Sənin taleyinin baharı mənəm..

O səs qulağında, mənim səsimdir, O səsdən ürəyin əsim-əsimdir, Saçında oynayan meh nəfəsimdir, Qara tellərinin tumarı mənəm.

Zümrüd gözlərinə pərdə arama, Yoxdu, dərman yoxdu, dərdə, arama, Ömür konturunu zərdə arama, Qızılın-gümüşün əyarı mənəm,

Dikəlməz gözündə saraylar çökən.. Könüllər qanadan, ürəklər sökən.. Yayın istisində zəhləni tökən, Başına dolanan o arı mənəm..

Hər gün ürəyində yara keçərsən, Ağappaq yolları qara keçərsən, Sən məndən adlayıb hara keçərsən- O hasar, o divar, o barı mənəm.

Qopar bu nəğmədən qopar sən,məni... Gözündə-könlündə apar, sən məni, Harda arzulasan taparsan məni, Bütün Azərbaycan diyarı mənəm.

Saytda dərc olunub