Şeir · Azərbaycan
Sən bu qara sevdalardan,
Sən bu qara sevdalardan, Heç ağ düzəldə bilmədin.. Demişdin ki,düzəldəcəm, Ancaq,düzəldə bilmədin..
Düşdün o şah xəyallara, Uşaq-uşaq xəyallara, Amma uzaq xəyallara, Uçaq düzəldə bilmədin.
Vur ağzımdan yalan desəm, Bu haq-divan,bu mən,bu sən.. Məni sənə qurban kəsən, Bıçaq düzəldə bilmədin.
Gəlmişdi sənə əlaca, Eşqim quşuydu,alaca.. Ona qəlbində balaca- Bucaq düzəldə bilmədin..
Yığılmadım yollarından, Sağlarından-sollarından, Niyə mənə qollarından, Qucaq düzəldə bilmədin...
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/sen-bu-qara-sevdalardan/