Şeir · Azərbaycan
Saxlar ürəyinin qızıl yerində,
Saxlar ürəyinin qızıl yerində, Doyanda “mis”ləməz adam adamı. Aparıb azdırmaz dumanda-çəndə, Aldadıb sisləməz adam adamı.
Bu sevda ayrılıq donuna çıxar, Bəxtdi də minindən onuna çıxar, Sevəndə biryolluq sonuna çıxar, Yandırıb hisləməz adam adamı.
Görüşə dağları yanıynan çəkər, Hər yükü ruhuynan,canıynan çəkər, Şəklini qəlbinin qanıynan çəkər, Yalandan süsləməz adam adamı.
Barmaqlar bir həzin ney üstə küsər, Dodaqlar küsəndə mey üstə küsər, Bir dəfə bir ciddi şey üstə küsər, Boş yerə “küs”ləməz adam adamı.
Sən mənə hər zaman gərəksən deyər, Sevdiyim bu səssən, bu rəngsən deyər, Öpüb aradabir ürəksən deyər, Həmişə pisləməz adam adamı.
Biz ən “qıl körpü”nün üstəyik,lap ən, Bir ucunda mənəm,bir ucunda sən, Mən ölə bilərəm sevindiyimdən, Belə çox istəməz adam adamı.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/saxlar-ureyinin-qizil-yerinde/