Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Rumda yelmi əsib, qozmu tökülüb,

Ayaz Arabaçı

Rumda yelmi əsib, qozmu tökülüb, Oturub başını qat elə burda. Yaxşı pula gedir it də, adam da, Əlinə nə düşür, sat, elə burda.

Dərinə getdikcə pazdan paz çıxır, Büdcə pəhriz tutur, pulun az çıxır, Hərənin ağzından bir avaz çıxır, Qalırsan hər şeyə mat elə burda.

Nəyinə lazımdı, Borçalı, Dərbənd, O kimdi, bu kimdi düşünmə bəd-bəd, Yaylı çarpayıdı hər verilən vəd, Uzan xumar-xumar yat elə burda.

Öz qışın, öz yazın, öz yayın olsa, Yəni öz paketin, öz payın olsa, Və bir də imkanlı day-dayın olsa, Çaparsan hər yana at, elə burda..

Çoxdu bulandıran bu suyu başdan, Utanıb qalırsan ömürdən-yaşdan, Efirdən böyürən hər danabaşdan, Düşür ürəyinə çat elə burda.

Səs çıxmaz umduğun daşdan, qayadan, Bu nə tərbiyədi gendən, mayadan, Nə tutub durubsan abır-həyadan, Rədd elə bu gündən at, elə burda

Saytda dərc olunub

Növbəti şeir

Sabah