Şeir · Azərbaycan
Sabah
Sabah qeyrətimizin məzarı önündə xatirələr daş-qalaq eləyəcək bizi. Alaçiy xəbər boşboğazları bir ağız ulayacaq. Yalıncığın tör-töküntüləri lazım gəlsə deyib meydan sulayacaq. Söykənəcəm Şuşada ayaqlarını itirmiş Məzahirin qıc olmuş qoltuqağacına. Qeyb olmuş uzaqları düşünəcəm. Küçədə oynayan, Şuşasız böyüyən uşaqları düşünəcəm. Bu gün Şuşaya layiq bir şeir yazammadım. Utandım cızma-qaralarımdan. Utandım ildə bir dəfə üstü açılan yaralarımdan. Baxdım efirdən ağzını çuval kimi açıb yaltaqcasına gücənən birisinə. Eşşəyin lap irisinə,sığmırdı dərisinə.. Basdı məni xəcalət təri. Düşdü gözümdən Koroğlunun qılıncı, Nəbinin xəncəri.. Başımın üstü qalxdı,sinəmdən tüstü qalxdı, Qaldım qaşına-qaşına. Qələmi dəyənək kimi qaldırıb Endirdim bir ağ vərəqin başına. Şuşaya aid şeir yazmaq istəyirdim.. bir söz belə gəlmirdi ağlıma. bir söz belə məlhəm olmurdu ağrıma. Dalıb getmişdim,uzun bir əsri. Xatırlayan yox idi, toz-torpaq altında qalan qəbrimizi. Allah kəssin səbrimizi.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/sabah/