Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Ram olubdu əlimdə bu bazarın nırxı ram,

Ayaz Arabaçı

Ram olubdu əlimdə bu bazarın nırxı ram, Köhnə dəyirman kimi öz işimdə xırxıram, Əlimə yumurta da düşsə tutub qırxıram, Elə bilməyin təkcə başdan pul çıxardıram.

Mənim əlimnən olur harda nə qəza varsa, Versin də verə bilsə haqq mənə cəza varsa, Yükləmişəm birbəbir kimdə nə əza varsa, Dildən,gözdən,dodaqdan,qaşdan pul çıxardıram..

Bax bu sərvət,bax bu var neçə ağız bağladıb, Dövranımı sürürəm təkərini yağladıb.. Əlimə kim keçirsə anasını ağladıb, Gözlərindən süzülən yaşdan pul çıxardıram..

Toplanıbdı canımda pisliyi min murdarın, Ətrafımda yallanan köpək harın,qurd harın, Başınızı bişirdim,mələməyi qurtarın, Bir pavilyon açmışam,xaşdan pul çıxardıram..

İşim bərkə düşəndə dəyişirəm tez valı, Bir sürü qulbeçəm var qaraküyçü,lezvalı, Asan başa gəlmir ha köpəyoğlunun malı, Elə mən də sizintək daşdan pul çıxardıram..

Saytda dərc olunub