Şeir · Azərbaycan
Quzu kəsim küləyinə Bakının,
Quzu kəsim küləyinə Bakının, Gör necədə yağlı-ballı əsir ey.. Zənguləsi eşidilir Bayıldan, Dün gecədən laübalı əsir ey..
Aynaları, qapıları bağladıb, Uçaqları səmalarda saxladıb, İstilərin anasını ağladıb, Kefli-kefli, hallı-hallı əsir ey..
Qayıtmışam sanki payız fəslinə, Leyli nədi, Zöhrə nədi, Əsli, nə, Yetişmişəm yorğanımın vəslinə, Allı-güllü, güllü-allı əsir ey..
Bu havaya qeyd-şərtsiz uyulur, Beynimizin ətaləti yuyulur, Hikkəsində ədavət də duyulur, Nəsə bir az qeylü-qallı əsir ey..
Başımızı evə sala bilirik, Təbiətdən həvəs ala bilirik, Adam kimi nəfəs ala bilirik, Sevincimiz gedir yallı, əsir ey..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/quzu-kesim-kuleyine-bakinin/