Şeir · Azərbaycan
Öz yavan çörəyin daha şirindi,
Öz yavan çörəyin daha şirindi, Özgənin yağını-aşını burax. Oturub ağlamaq bir sənət deyil, Gözünün qanını-yaşını burax..
Həkim tap yaranı yodlasın oğlum.. Dərd niyə sinəni odlasın,oğlum, Qoy gedib otunu otlasın oğlum, Nadanı,qanmazı,naşını burax...
Çox bilir hər halda çömçə qaşıqdan, Dinlə kövrələndə sazdan-aşıqdan, Zarıma göylərə,dolanışıqdan, Pul kəsmir Allahın maşını,burax..
Köhlən atını min,üzəngini öy, Öz "Yallı"n,öz "Misri"n,öz "Cəngi"ni öy, Tankını,topunu,tüfəngini öy, Qızların gözünü-qaşını burax..
Ruhunu təmizlə,içini arat, Könlündə dil açır ləl-cəvahirat, Şerini qəlbinin nuruynan yarat, Saxta duyğuların başını burax..
Sənə nə çatacaq lütdən-üryandan, Dua-zad gözləmə gözü giryandan, Onsuz da dağıdır hərə bir yandan, İlahi,sən də öz daşını burax.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/oz-yavan-coreyin-daha-sirindi/