Şeir · Azərbaycan
Öpüşdük,ayrıldıq saat ikidə,
Öpüşdük,ayrıldıq saat ikidə, Hərə bir tərəfə,bir yana getdi. Hətta dalımızca baxmadı belə, Boşqabın dibindən son spagetti..
Çıxıb nəfəs aldım təmiz havada, Köhnə şəhəriydi,köhnə səkiydi. Allaha şükür ki,tez dağılışdıq, Ürəyim ağzımdan çıxan təkiydi.
Beş-altı qondarma söz adamıyıq, Pul-para olanda qübarlanırıq. Arada həyatın dibindən çıxıb, Təzədən dibinə yuvarlanırıq.
Könlümüz o qədər nəşələndi ki, Üç-dörd kaman vurduq,üç-dörd tar içdik.. Oturub həminki ucuz kafedə , İçdik,ikiyəcən,nəyi var içdik.
Elə yanırdı ki,ürəyim elə, Mən o gün minillik bir kədər içdim.. Canımdan illərin heyfini aldım, Özüm bilə-bilə o qədər içdim.
Qoy kimsə cırmasın özünü boş-boş, Elə şeylər var ki,heç kim yan deyil. Durub o gecənin fəlsəfəsini, Açsam da çoxları anlayan deyil..
Bir az cilovunu boşaldan kimi, Dolandı şəhəri fikir çaparım. Bir taksi dayandı qəfil yanımda- Hara gedirsiniz,hara aparım.
Baxdım sifətinə xoşum gəlmədi, Elə bil qurbağa çıxmışdı qumdan. Bəlkə də bir pullu adam sanırmış, Məni bağ-bağatlı qalstukumdan.
Dedim get,uzaqdı mənim səfərim, Sırtıq baxışları üzümdə gəzdi. Mənimlə getməyə qorxarsan kişi, Səfərim bu dəfə gedər-gəlməzdi.
Binalar yanımdan ötüb-keçirdi, Ayağım altında ovulurdu yer. Onun tüstü çıxan ağzına baxıb, Dedim ki,mənə də bir siqaret ver.
O gecə çox içdim getmədim evə, Tüpürdüm nə varsa tüpürüləcək.. Nəyə tüpürdüyüm bəlliydi zatən. Tüpürdüm bu saxta həyata gerçək.
Dolandım şəhəri avara,sərxoş, Saat altıyacan küçə ititək. Keçdi pozuq-pozuq xatirələrim, Keçdi xəyalımdan qatar fititək.
Başımda intihar havası gəzdi.. Nə asan iş imiş,nə çətin-asan.. Oğlum zəng eləyib səhərə yaxın- Ağlayıb soruşdu ata,hardasan...
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/opusduk-ayrildiq-saat-ikide/