Şeir · Azərbaycan
Onun-bunun gözlərində tük seçə bildik,
Onun-bunun gözlərində tük seçə bildik, Gözümüzdə ləngərlənən tiri görmədik. Hər tərəfdən güzgü tutduq zahirimizə, İçimizdə qartmaq tutan kiri görmədik.
"Şur"üstündə sızıldayıb "Şüştər"i gördük, Alver gördük, bazar gördük, müştəri gördük, Sual kimi əyri-üyrü işləri gördük, Nida kimi şax dayanan "Bir"i görmədik.
Ya Haqq deyib üç atlandıq, beş ürgələndik, Sonra qəfil kölgəmizdən üşürgələndik.. Ucdantutma qara gündə düşərgələndik. Gözdolusu bircə ağ gün, Miri, görmədik..
Arzulara başdaşıyıq biz bu duruşnan, Aldatdılar başımızı qəpik-quruşnan, Özələndik orda-burda xırda-xuruşnan, Zamanında işimizi iri görmədik.
Dərdimizi bığdan alıb saqqala verdik, Səsimizi-ünümüzü baqqala verdik, Qalibiyyət fürsətini çaqqala verdik, Yanımızda nalə çəkən şiri görmədik..
Zəhər olmuş, zəqqum olmuş aşa tapındıq, Haqlı-haqsız kim çəkildi başa, tapındıq, Pir deyibən bütə qoşduq, daşa tapındıq, Pir varıydı, biz kor olduq, piri görmədik.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/onun-bunun-gozlerinde-tuk-sece-bildik/