Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Niyə dik tutursan başını şair,

Ayaz Arabaçı

Niyə dik tutursan başını şair, Ağa qapısıdı,əyil,deyirlər. Kefləri duranda isimə,saya, Hətta sifətə də feil deyirlər..

Balaca hücrəndə qırışıb yaşa, Bu məzlum sürüyə qarışıb yaşa, Quzu taleyinnən barışıb yaşa, Yem ol qurda-quşa,yeyil,deyirlər.

Öndə eşşək olsun,ya da at olsun, Təriflə qoy başın salamat olsun, Haraya dürtsələr dilin mat olsun, Şalvartək hər dala geyil,deyirlər.

Efirdə buğlanır bir neçə sazan.. Hər yanın şeytandı,şeytanı az,an.. Çalış özün üçün axirət qazan, Salma var-dövlətə meyil,deyirlər.

Əlim çox arzuya uzalı qalıb, Nə tale gülgündü,nə Tanrı talıb, İşimi-gücümü əlimdən alıb, Tüfeyli deyirlər,veyil deyirlər.

Dərdi sultan sayıb tac uzadıram.. Əlimi cibimə ac uzadıram.. Saqqal buraxıram,saç uzadıram, Bu şair görkəmi deyil,deyirlər..

Saytda dərc olunub