Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Nostalgiya...

Ayaz Arabaçı

Keçmişə balaca səfər eylədim, Onda arzuların bal vaxtlarıydı.. Ağlımız çox şeyi kəsdirəmmirdi, Bir az ömrümüzün kal vaxtlarıydı.

Təzəcə gəlirdi qan, üzümüzə, Belə dirənmirdi can üzümüzə, Ayrı cür doğurdu dan üzümüzə, Günəşin bundan da al vaxtlarıydı..

Baxdım nəfəs aldım dərindən - dərin, Bir ovuc su vurdum üzümə, sərin.. Azadlıq uğruna pərvanələrin, Körpə qanadının xal vaxtlarıydı..

İşi axsayırdı milli "maz" ların, Çıxdıq girovundan karamazların, Başdakı bir sürü yaramazların, Milli məsələdə lal vaxtlarıydı..

Məqsədi gizliydi xartiyaların, Zəhər tiyaların-mar tiyaların, İndiki girdirmə partiyaların, Təzəcə-təzəcə fal vaxtlarıydı..

Sonuydu Kremlin nağıllarının, Keçici bayraqlı noğullarının, Vətənin vüqarlı oğullarının, Rüstəm vaxtlarıydı-Zal vaxtlarıydı..

İşə salınmışdı hiyləgər plan, Aranı qatmışdı xallı bir ilan, Vecimə deyildi dubinka-filan, Mənim də canımın sal vaxtlarıydı..

"Möhtəşəm dayaqlar" bir-bir aşırdı, Adam izdihama baxıb çaşırdı, Azadlıq meydanı aşıb-daşırdı, Qovğa vaxtlarıydı-qal vaxtlarıydı..

Dili qarnındaydı birə-bitlərin, Ölürdük uğruna ər ümidlərin, Bu gün üstümüzə hürən itlərin, Sümük vaxtlarıydı, yal vaxtlarıydı..

Dövrü sonra gəldi sürünənlərin, Min cürə libasa bürünənlərin, İndi" qabaq" kimi görünən lərin O zaman çoxunun "dal" vaxtlarıydı..

Saytda dərc olunub