Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Neynirəmsə cansıxıcı həyatda,

Ayaz Arabaçı

Neynirəmsə cansıxıcı həyatda, Əhvalımı xoş eləyə bilmirəm. El-aləmi bir-birinə ayaq-baş, Qarışdırıb xaş eləyə bilmirəm.

Təcrübə var, azdan-çoxdan yaş, deyir, Al başını bu dünyadan qaç deyir, Adam var ki, xaşılına aş deyir, Mən aşımı, aş eləyə bilmirəm.

Qırov düşdü bahar vaxtı laləmə, Tanıtmışam gözlərimi jaləmə, Bir sirrim var, açılası, aləmə, Partlayıram, faş eləyə bilmirəm.

Dərd üstümə hər bucaqdan saldırıb, Ağ qaradan, qara ağdan saldırıb, Çoxlarıtək hər alçağı qaldırıb, Gözüm üstə qaş eləyə bilmirəm.

Ordan-burdan nə alınsa qaparam, Köhlənimi sağa-sola çaparam, Mən də bir çox əyri yollar taparam, Öz işimi yaş eləyə bilmirəm.

Dayanmışam kürəyimdə xan kimi, Zərər yoxdu, baxan baxsın xam kimi, Yandırıram kimə gəlsə şam kimi, Ürəyimi daş eləyə bilmirəm.

Limitlərnən başa çıxmaq çətindir, Ümidlərnən başa çıxmaq çətindir, Bu itlərnən başa çıxmaq çətindir, Heç özümnən baş eləyə bilmirəm.

Saytda dərc olunub