Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Nə qədər gözümüz dörd açılsa da,

Ayaz Arabaçı

Nə qədər gözümüz dörd açılsa da, Eyni bir zibilə min kərə düşdük. Getdi ağzımızdan barıt qoxusu, Qorxudan infarkta, şəkərə düşdük.. Oğullu-kişili, qızlı-qadınlı, Hamımız bir ucdan təkərə düşdük.. Biz niyə bu günə qaldıq İlahi..

Bu miskin həyata dözməməliydik, Biz axı çox şeyin cəngin elədik.. O qədər yumuldu gözlərimiz ki, Alçağı yüksəldib əngin elədik. Əlindən it əppək almayanları, Oliqarx elədik, zəngin elədik.. Biz niyə bu günə qaldıq İlahi..

Üzündə bir damcı su olmayanlar, Dəyirman aldılar, dəhnə aldılar. Bazarda bir qoyub beş götürənlər, Ölkədə hər şeyi rəhnə aldılar. Həyalı adamlar qınına girdi, Abırsız adamlar səhnə aldılar.. Biz niyə bu günə qaldıq İlahi..

Dərmanı dərdindən bahalı çıxdı, Elə hey uğraşdıq yaraçılarla. Dilini tapmadıq bir-birimizin, Alışdıq-verişdik araçılarla.. Çayırtək çoxaldı milli siqanlar, Üz-üzə dayandıq qaraçılarla. Biz niyə bu günə qaldıq İlahi..

Toxum səpənlərin evi yıxılsın, Üç adam bir yerdə əl-ələ gəlmir.. Biri suya çəkir biri quruya, Sınadım gəlmir e, e, lələ,gəlmir.. Kağızdan-qələmdən iyrənir adam, Yazmaqnan-pozmaqnan əmələ gəlmir, Biz niyə bu günə qaldıq İlahi..

Gəlir qoltuğunda bir qara papka, Düşür qapı-qapı gəzir, toplayır, Soxur iynəsini şah damarına, Əzir bu milləti, əzir toplayır. Hansının birinin adını çəkim, Müfəttiş toplayır, vəzir toplayır. Nəzir qutusudu ölkə elə bil, Hərə bir tərəfdə nəzir toplayır Biz niyə bu günə qaldıq İlahi..

Saytda dərc olunub