Şeir · Azərbaycan
Nə qədər göynəyəcək,indən belə sən bilən,
Mübariz Məsimoğluna....
Nə qədər göynəyəcək,indən belə sən bilən, Azadlıq həsrətiylə qəlbimiz Məsimoğlu.. Görürsənmi necə də hər yerdən yoxa çıxır, Günbəgün aydınlığa gedən iz,Məsimoğlu..
Ömrün bəzi anında saxlayıb qolumuzdan, Bizim də saxta tale keçib sağ-solumuzdan, Bizə qalsa bəlkə də sapardıq yolumuzdan.. Haqdan gəlir birbaşa əmrimiz Məsimoğlu.
Yüz kişi başı gördüm bir xanım budu altda.. Bilirsənmi nə yatır o mənfur qutu altda, Saraylarda can verən sözün tabutu altda, Tək ikimiz qalmışıq,ikimiz Məsimoğlu..
Gərək bundan sonra da çatılmasın qaşımız, Bir əsr yaşamışıq az deyil ki yaşımız, Cəllad kötüyündə də dığırlansa başımız.. Soruşma,heç soruşma,nədən biz...Məsimoğlu..
Hamı yaxşı bilir ki,kimləri nə susduru.. Birindən yan ötübmü İlahinin dəsturu.. Bütə ibadət deyl ləyaqətin düsturu.. Tərtəmiz yaşamaqdı,tərtəmiz Məsimoğlu..
Şükür bu günə şükür üzmədik hər axında.. Bayquşa yer vermədik əsla,könül bağında, Beş-üç günlük dünyada hər gədə qabağında, Bizdən deyil enən baş,əsən diz Məsimoğlu..
Belə də davam elə,bu işıqnan,bu rəngnən.. Sınağa çox çəkildik bu illərdə çörəknən.. Gərək çox yaşayasan sən o boyda ürəknən.. Allah yardımçın olsun Mübariz Məsimoğlu..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/ne-qeder-goyneyecek-inden-bele-sen-bilen/