Şeir · Azərbaycan
Molla Pənah demişkən büllur buxaq, tər sinə,
Molla Pənah demişkən büllur buxaq, tər sinə, Çevirmişdi dünyamı bir baxışda tərsinə, Dilə tutub qəlbimi gətirmişdim dərsinə, Demişdim ki, gəlmişik, "3"-dən, zaddan yaz, keçək.
Bir tufanın vardı ki, oğulsansa gəl, əsmə, Başlamışdı səndə də ürəktutma, əl əsmə, Yavaş - yavaş güc tapıb demişdin ki, tələsmə, Qoy bu sınaq dərsini bir semestr naz, keçək.
Bir dəfə axşamçağı həm ağladım, həm içdim, Gəlməyəcəksən deyə ürəyimi yemişdim, Sonra səni görüb də sevincimdən demişdim, Ömür qış olmaz ki, hey, bu ili də yaz keçək.
Yüklənmişdi hər biri eşq adlı bir yatırla, Keçdim çətin yolları, gəldim qəflə-qatırla, Dedin ki, nə Şirini, nə Fərhadı xatırla, Biz bu sevgi yolunu özümüzə xas keçək..
İndi al o nizəni, ürəyimi deş, gülüm, Bir oturub mənimtək düşündünmü heç, gülüm.. Səndə iyirmi dörddü, məndə əlli beş, gülüm, Ürəyini vurursa bu sevgidən vaz keçək..
Yetim-yetim boylanıb ulasa bir qurd aya, Hansı mənzərə çıxar bilirsənmi ortaya, İstəsək həll edərik uzağı üç-dörd aya, Çalışıb o yerlərdən mümkün qədər az keçək.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/molla-penah-demisken-bullur-buxaq-ter-sine/