Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Mən ondan hələ də baş açammıram,

Ayaz Arabaçı

Mən ondan hələ də baş açammıram, Hər məni görəndə lal kimi olur. Təbəssüm çəkilir gülər üzündən, Sifəti dəyişib sal kimi olur.

Gəlhagəl kimindi,keşməkeş kimin, Qəlbini qırmasın Allah,heç kimin, Kimi sevirəmsə zalım eşqimin, Meyvəsi ömürlük kal kimi olur.

Yalandan deyirlər çiçək kimidi, Yalanlar məzmunca gerçək kimidi. Məhəbbət sağalmaz xərçəng kimidi, Qabaqca balaca xal kimi olur.

Xoruz var,kefinə düşəndə banlar.. Mətləbi,ariflər anında anlar.. Qızlar tez ayılır,amma oğlanlar, Elə uşaqlıqdan mal kimi olur.

Tale düyün-düyün,buruq-buruq ki.. İflic arzuların boynu buruq ki.. Boş yerə o qədər oxuduruq ki, Ömür də sürtülmüş val kimi olur..

Sülhə qol qoyubdu söz-sözü vurmur, Keyfimi heç kimin nəşəsi qurmur.. Vüqarım dikəlib mıx kimi durmur, Qürurum əyilib nal kimi olur.

Canımın odunda qaynayan xörək, Bişginən,başıma nə gəlir görək, Yaltağın bəh-bəhnən yediyi çörək, Tula qabağında yal kimi olur..

Çiçəklər açılsın qırışında da.. Qal elə o namda,o nişanda da.. Ayaz heç danışmır,danışanda da, Hər sözü yağ kimi,bal kimi olur..

Saytda dərc olunub