Şeir · Azərbaycan
Mən ömrümü nəğmələrə çevirib,
Mən ömrümü nəğmələrə çevirib, Bir gün zildə, bir gün bəmdə yaşadım. Vətənimin, millətimin çəkdiyi, Hər ağrıda, hər sitəmdə yaşadım.
Yağlamadım hər alçağın çarxını, Söyüb çıxdım bazarını-nırxını, Həyatımın qırxyeddidən qırxını, Acı dərddə, acı qəmdə yaşadım.
Canım getdi gədələrə biyarda, Sərvət gördüm neçə-neçə xiyarda, Mən bu cənnət dedikləri diyarda, Ömür boyu cəhənnəmdə yaşadım.
Ümidimi nəm çürütdü, kif kəsdi, Kimi gördüm Allah dedi, cib kəsdi, Qabağımı bir buynuzlu div kəsdi- Üz çevirib hansı səmtə, yaşadım,..
Yiyəsizəm canım-gözüm ölkədə. Gizləmədim vüqarımı kölgədə, Mən yeganə adamam ki, bəlkə də, Cəmi təkdə, təki cəmdə yaşadım.
Kilidləmə ürəyinin seyfini, Qoy çıxardım o illərin heyfini, Bu həyatın nəşəsini-keyfini, Təkcə səni sevən dəmdə yaşadım.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/men-omrumu-negmelere-cevirib/