Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Lap başımı itirmişəm,

Ayaz Arabaçı

Lap başımı itirmişəm, Günah çoxdu,savab yoxdu. Tanrı susub,bəndə susub, Suallara cavab yoxdu. Yosun basmış çəlləyimdə, Bircə qurtum şərab yoxdu. Hər kəlməsi qan qoxuyur, Sözlərimdə gülab yoxdu. Bu xaraba vilayətdə, Hesab yoxdu,kitab yoxdu. Susub qalıb içimdəki Ağrım-acım,etirazım... Dınqır sazım,dınqır sazım..

Yaltaq-sırtıq,istedadsız, Dəbdə gəldi,dəbdə getdi. Qələm keçdi dəllallara, Adım dibdən-dibdə getdi. Güvəndiyim kişilərin Hərəsi bir cibdə getdi. Eşşək minib gələnlərin Balaları cipdə getdi.. Mən göz açıb yumanacan, İt də getdi-ip də getdi. Qapılarda süləngidi, Boz pişiyim,qara tazım.. Dınqır sazım,dınqır sazım..

Çox üzgünəm,çox əzginəm, Çox ölgünəm ruhum yoxdu. Gözüm danı diri tutur, Gecələri yuxum yoxdu. Hər ağızda bir avaz var, Yoxdu sağlam toxum yoxdu. Baxan deyir döyüşdəyəm- Yayım yoxdu-oxum yoxdu. Mən qabağa durammaram, Mənim elə duxum yoxdu, Alınıbdı daha qazım.. Dınqır sazım,dınqır sazım..

Quma döndü daş inadım, Keçdim gəldim ələklərdən.. Adamlardan qorxduğumtək Qorxum yoxdu fələklərdən. İndi ağıl öyrədənlər, Çıxmamışdı bələklərdən.. Başım min-min bəla çəkdi, Hiylələrdən,kələklərdən. Gördüm bir gün ilham alıb, Hurilərdən,mələklərdən, Araq içir molla Kazım.. Dınqır sazım,dınqır sazım.

Tanrı gen-bol dərd payladı, Gedib üç-dörd paylıq aldım. Beş quruşluq donluq aldım, On quruşluq aylıq aldım. Gördüm toyluq pulum çatmır, Dar günümə vaylıq aldım. Bir neçə məktəb qurtardım, Oxudum əzvaylıq aldım. Vəcdə gəldim bir zamanlar, Vətən satdım,yaylıq aldım. Oturmuşam cəngəllikdə, Kimdən yazım,kimə yazım.. Dınqır sazım,dınqır sazım..

Saytda dərc olunub